AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsi “Kəpəz” klubunu 8 500 manat cərimələyib.

hakimiyyet.az xəbər verir ki, Misli Premyer Liqasında 33-cü turun “Kəpəz” - “Sumqayıt” oyununun 90+2-ci dəqiqəsində Gəncə klubunun 24 nömrəli futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun şərti olmaqla dörd oyun cəzalandırılıb, komanda isə 3 000 manat cərimə edilib.

90+6-cı dəqiqədə “Kəpəz” klubunun 21 nömrəli futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə dörd oyun cəzalanıb, komanda isə 3 000 manat cərimə edilib.

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat cərimələnib.

“Kəpəz” - “Sumqayıt” oyununda Gəncə klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə isə komanda 800 manat dəyərində cəzalandırılıb.

“Kəpəz” klubunun azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə komanda daha 1000 manat cərimə edilib.

Qeyd edək ki, “Kəpəz” - “Sumqayıt” görüşü 1-1 hesablı heç-heçə ilə başa çatmışdı.

0.05282187461853