Nikol Paşinyan hökuməti iqtisadiyyat və siyasət sahəsində naşı olduğunu, illər keçsə də heç bir təcrübə qazanmadığını atdığı hər addımı ilə sübut etməkdən yorulmur. Ermənistanın beynəlxalq investorlar arasında reytinqi enməkdə davam edir. Artıq bir sıra iri şirkətlər hökumətə qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddialar qaldırıblar. Onların sırasına “Sanitech International Group”, “Lydian International LLC”in səhmdarlarından sayılan “Amulsar Investor Venture”, İsveçrənin “Walnort Finance Limited” şirkətləri də daxildir.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
40 milyon dollarlıq iddia
“Sanitech International Group” rəsmi İrəvana qarşı investisiya iddiası qaldırmaq niyyətini elan edən ilk şirkət olub. Şirkət iddia edir ki, mübahisə Ermənistan Respublikası hökumətinin ayrı-seçkilik və mülkü ələ keçirmə hərəkətlərindən qaynaqlanır. Qısacası, İrəvan Bələdiyyəsi müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və nəticədə şirkəti müqavilələrinin müddəti bitmədən kənarlaşdıraraq dövlətə məxsus şirkətlə əvəz edib. “Saintech” iddia edir ki, yanaşma siyasi motivli olub və dövlət şirkəti xarici investordan qat-qat əlverişli şərtlərlə fəaliyyət göstərir. Bu isə erməni hökumətinin xarici investorlara münasibətində özbaşınalığa və ayrı-seçkiliyə yol verdiyini sübut edir. “Saintech”in tələb etdiyi kompensasiya 40 milyon dollardır. Paşinyan hökuməti 900 min dollara vəkil tutsa da, mövqeləri zəifdir və məhkəmədə xarici şirkətin qalib gəlmə ehtimalı yüksəkdir.
Başıbəlalı qızıl yatağı
2023-cü ilin yanvar ayının sonunda Arbitraj Məhkəməsinin Daimi Palatası (ARM) “Amulsar Investor Venture” MMC-nin Ermənistan hökumətinə qarşı qaldırdığı iddia ilə bağlı erməni tərəfini məlumatlandırıb. Bu şirkət erməni dövlətini öz vəzifəsini yerinə yetirməməsi və “Lydian International LTD” şirkətinin işinə mane olmağa yönəlmiş addımların qarşısını almaması ilə bağlı hərəkətləri, daha doğrusu, hərəkətsizliyi ilə mübahisə edir. “Lydian International LTD” şirkəti 2020-ci ilə qədər “Lidian Armenian LTD”nin səhmlərinin 100 faizinə sahib olub. Amma iyul ayında şirkət bütün səhmlərindən məhrum edilib. Məlum olduğu kimi, məhz bu şirkət Vayots Dzor bölgəsinin Amulsar şəhərinin qızıl tərkibli kvarsit mədənində faydalı qazıntıların çıxarılmasına icazəni almış və hazırda da sahibidir. Bundan başqa, hasilatı təmin etmək üçün bir neçə yüz milyon ABŞ dolları sərmayə qoyub, mədənin istismarı üçün bütün lazımi tədbirləri görüb.
Hökumətin gizli sövdələşməsi
Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra, 2018-ci ilin iyununda Amulsarda qızıl tərkibli kvarsit mədəninə gedən yollar fəallar tərəfindən bağlanıb və beləliklə də şirkət mədənin istismarı üçün bütün imkanlardan məhrum edilib. Həmin ilin iyulunda Ekologiya Nazirliyinin məsul şəxsləri ətraf mühitin çirklənməsi ilə bağlı məlumatların qəsdən gizlədilməsi səbəbindən şirkətə qarşı cinayət işi başlandığını elan ediblər. Cinayət işinin istintaqı üç il davam edib, amma polis mədənə gedən yolların bağlanmasının aradan qaldırılması tələblərinə məhəl qoymayıb.
Amulsarda qızıl tərkibli kvarsit mədəninin istismarının mümkünsüzlüyü nəticəsində “Lydian International LTD” şirkəti müflis olub və 2020-ci ilin sentyabrında məhkəmə qərarı ilə ləğvetmə prosesi başlayıb. Hökumət isə şirkətin 12.5 faiz səhmlərinə sahib olub. Ermənistan hökuməti şirkətin səhmlərini hədiyyə olaraq aldıqdan sonra hər kəsdə əsaslı şübhələr var idi ki, şirkətin Kanada birjasından çıxarılması, ləğv edilməsi və səhmdarların əlindən alınmasında gizli məqsədlər var. Şirkətin məruz qaldığı ziyan 150 milyon dollar hesablanıb.
“Walnort Finance Limited MMC”
Zəngəzur mis-molibden kombinatının səhmdarlarından biri “Walnort Finance Limited MMC” də hüquqlarının müntəzəm olaraq pozulması ilə bağlı məhkəməyə müraciət edib. 2021-ci ilin sentyabrın 30-da məlum olub ki, kombinatın Kremlə yaxın rusiyalı milyarder Roman Trotsenkonun simasında yeni səhmdarı var. Romanın başqa bir şirkəti kombinatın səhmlərinin 60 faizini alıb və ümumi kapitalın 15 faizini Ermənistan hökumətinə bağışlayıb. Bu barədə bu günə qədər heç bir rəsmi izahat verilməyib. Səbəb və şərtlər məlum deyil. İsveçrə şirkətindən əvvəl səhm paketi “Zəngəzur Mining” şirkətində olub və 2021-ci ilin avqust ayında kombinatın səhmlərinin satışında ona üstünlük verilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb. Nəzərə almaq lazımdır ki, Paşinyan 2021-ci ildə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasında bir sıra bəyanatlar səsləndirib. Bu bəyanatlarda sətiraltı olaraq, hökumətin bu işə müdaxilə edəcəyi bildirilmişdi. Məsələ burasındadır ki, “Zəngəzur Mining” şirkətinin avqustda qaldırdığı iddia təmin edilib. Amma 30 sentyabrda yerli məhkəmə iclas çağırıb və iclasdan sonra məlum olub ki, səhmlərin yeni sahibi yuxarıda adı qeyd edilən Roman adlı rusiyalı iş adamıdır. Maraqlıdır ki, sövdələşmə gecə saatlarında rəsmiləşdirilib və bu da İsveçrə şirkətinin beynəlxalq məhkəmədə iddia qaldırmasına əsaslı səbəb olub. Ermənistan hökumətinin məhkəmədə “Walnort Finance Limited”ə uduzma ehtimalı çox yüksəkdir. Bu isə dövlət büdcəsindən bir neçə yüz milyon dollar təzminat ödəmə öhdəliyi ilə nəticələnə bilər.
Hər üç şirkətin məhkəmə iddiasından məlum olur ki, Ermənistanda sahibkarların hüquqları pozulub, qeyri-qanuni hərəkətlər nəticəsində investorlar əmlaklarından məhrum ediliblər. Paşinyan hökuməti də bu reketçiliklə pay sahibi olub. Əgər Ermənistan hökuməti hər üç məhkəmə prosesində uduzsa, söhbət bir neçə yüz milyon dollar təzminatdan gedəcək.