On min manatlıq oğurluq edən şəxslər tutulub - FOTO

Biləsuvar və İmişli rayonlarının ərazisindən çoxsaylı oğurluqlar edən həmkəndlilər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif obyekt və ərazilərdən oğurluqlar etməkdə şübhəli bilinən İmişli rayonunun Aranlı kənd sakinləri K.Balakişiyev, M.Mirzəyev və V.Nərimanlı müəyyən edilərək saxlanılıblar. Onların müxtəlif vaxtlarda Biləsuvar rayonu ərazisindəki ayrı-ayrı suvarma sahələrindən və mobil operatorlardan birinə məxsus radiostansiyadan ümumi dəyəri 10 min manatdan artıq olan elektrik avadanlıqları, su nasosu, naqillər və avtomobil ehtiyat hissələri oğurladıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi gizlətdikləri yerdən aşkarlanaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əlavə əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərin İmişli rayonu ərazisindəki oğurluq əməllərinin də üstü açılıb. Belə ki, onların mobil baza stansiyasından və suvarma sahəsindən ümumi dəyəri 20 min manata yaxın olan müxtəlif məişət və elektrik avadanlıqlarını oğurladıqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

0.051146984100342