Ramiz Mehdiyevin himayəsindən məhrum olan Rasim Məmmədov nə edir? - “ZAVODU TALAN EDİB, HARASA DAŞIYIRLAR...”

Binəqədi rayonunda yerləşən “Bakı Poladtökmə” ASC-ni talan edirlər. İşin başında “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov dayanıb. Ramiz Mehdiyevi özünün mənəvi atası hesab edən Rasim Məmmədov “Bakı Poladtökmə” ASC-nin istehsala qayıtmasının qarşısını almaq üçün sarsıdıcı addımlar atır. ASC-nin səhmdarları belə iddia edirlər.

İyunun 11-də ASC-nin bir qrup səhmdarı baş verənlərə etiraz etmək üçün Binəqədiyə yollanıb. “Bakı Poladtökmə” ASC adlandırılan zavodda 1978-ci ildə fəhlə olaraq işə başlamış Mustafa Cəlilov deyir ki, zavoddakı dəzgahları, istehsal xəttlərini söküb harasa aparırlar: “Bu zavodda fəhlə olaraq işə başladım. Sonradan institutda oxudum, ali təhsil aldım, zavodda fəaliyyətimi davam etdirdim. Ev növbəsində olduğumuza görə zavoddakı işimizdən ayrılmadıq. Sovet hökuməti dağılandan sonra zavod dayandı, bizə səhmlər verildi. Bizləri də işdən çıxardılar. Zavod sonradan özəlləşdirildi və kollektiv üzvlərinə, səhmdarlara dividend verilməyə başladı. Sonradan zavodda rəhbərlik dəyişdi, bizlərə dividend verilməsi də dayandırıldı. Son 10 ildə bizi zavoda buraxmayıblar”.

Mustafa Cəlilov deyir ki, bu ilin mayında onları zavoda çağırıblar: “Dedilər ki, dəzgahlar, qiymətli avadanlıqlar "silinməlidir", harasa dağıdılıb aparılmalıdır. Amma yenə də bizi içəri buraxmadılar. Sonradan bilindi ki, zavoddakı nə dəzgah, istehsal xəttləri varsa, söküb harasa aparırlar. Biz əlaqədar təşkilatlardan xahiş edirik ki, bunun qarşısını alsınlar. Bizlər bu zavodun işçiləriyik, bura səhmlər qoymuşuq, biz də insanıq, Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Müharibə veteranıyam. Bizə kömək etsinlər.

Baş verən cinayətə bərabər qanunsuzluqlara etiraz edənlərdən biri də Fazil Hüseynovdur. O, uzun illər “Bakı Poladtökmə” ASC-də rəhbər vəzifələrdə işləyib. Digər etirazçı kimi o da 1978-ci ildə zavodda işə başlayıb. 35 il zavodda müxtəlif vəzifələrdə çalışan Fazil Hüseynov deyir ki, zavod gözləri qarşısında yüksəlib, sonradan məhv olmaq təhlükəsi ilə üzləşib. İndi də talanla üz-üzədir: “Sovetlər Birliyi dağıldı, əksər zavodlar kimi bizim zavodda da vəziyyət pisləşdi. 2003-cü ilə qədər demək olar ki, çox çətin günlər yaşadıq. Zavodun bircə sütunları idi, çünki satıb qurtarmışdlar. Həmin il Zülfüqarlı qardaşları zavoda gəldilər, sərmayə qoyub zavodu sıfırdan yenilədilər. Mən o dövrdə Kadrlar şöbəsinin rəisi işləyirdim. Zavod 2-3 ilin ərzində dirçəldi, istehsal gücünü hər ötən gün artıra bildi. Bu müddət ərzində 1000 nəfərə yaxın işçi zavodda çalışmaqla əmək haqqı alır, dividendlər ödənirdi. İstehsal sexləri, oksigen sexi tikildi, Amerikadan, Hindistandan, Türkiyədən və başqa ölkələrdən ən müxtəlif avadanlıqları alıb ölkəyə gətirib bu zavodda quraşdırdılar. Təsəvvür edin ki, zavodun sovet dövründə illik istehsalı min ton idi. 2-3 il ərzində istehsal gücü 150 min tona çatdırıldı. Zavodda işçilər yaxşı dolanırdı, sosial məsələlər həll olunmuşdu”.

Fazil Hüseynov deyir ki, zavodun qara günləri 2011-ci ildən başlayıb: “Rasim Məmmədov öz komandası ilə zavoda daxil olub güc vasitəsi ilə sahib oldular. Bu gün 2020-ci ilin iyunudur. Ötən müddət ərzində səhmdarı oduğum zavoda 1 dəfə olsun buraxılmamışıq. 26 may 2020-ci ildə bizə çağırış vərəqələri göndəriblər. Gəlmişik, iclas keçirilməlidir. İclasın gündəliyində oan əsas məsələ zavodun əsas vəsaitlərinin silinməsidir. Gör zavod nə hala gəlib ki, 1000 nəfərlik kollektivi, istehsal gücü 150 min ton olan zavodu məhv edirlər. Biz Azərbaycan dövlətinə, jurnalistlərə müraciət edirik. Gəlin zavoda girin, zavodun içində olan bahalı avadanlıqlar məhv olunur, istehsal sexləri var ki, Amerikadan, Türkiyədən gətirib quraşdırmışdılar, onları da söküb aparırlar. Böyük kranlar var ki, qiymətləri 300-400 min manatdır, onları artıq söküb aparıblar. Fasiləsiz xətt vardı, qiyməti milyonlarla idi, onu da söküb aparıblar. Bu gün zavodun bütün işlək avadanlıqlarını söküb aparırlar. Zavod quru sütunların üstündə qalıb. Biz əlaqədar qurumlardan xahiş edirik ki, məsələyə müdaxilə etsinlər. Rasim Məmmədov 10 il ərzində bu zavodu sökdü, əvvəlini yedi, bizə də dividend vermədi, indi də söküb aparır, yenə pul vermir. Biz səhmdar olaraq hüquqlarımızın bərpa olunmasını tələb edirik. Azərbaycan dövlətindən xahiş edirik ki, bu işdə bizə yardımçı olsun”.

Digər səhmdar deyir ki, o da digər səhmdarlar kimi illərdir ki, “Bakı Poladtökmə” ASC-dən dividend ala bilmir: “2003-cü ildə zavod özəlləşəndən sonra 2 dəfə dividend veriblər. Sonradan zavod Zülfüqarlılardan alındı, bizə dividend verilməsi də dayandırıldı. Axırıncı dəfə də çağırıb dedilər ki, zavod ziyanla işləyir, dividend vermirik. Mən də sual verirəm – zavod ziyanla işləyirsə, özlərinə 2-3 min manat maaşı necə yazıb alırlar? Mən zavoda rəsmi olaraq yazmışam ki, cavab versinlər bilək, zavodun gəliri, çıxarı nə qədərdir, işçilərə nə qədər əmək haqqı verirlər? Bizə cavab verməkdən yayınırlar. 35 il bu zavodda işləmişəm. Səhmdarıyam zavodun. Bizim dividendlərimizi versinlər".

Şurayə Nəzərəliyeva da “Bakı Poladtökmə” ASC-nin həm səhmdarı, həm də zavodun işçilərindən olub. O, baş verənlərə dövlətin qarışmasını, zavodun talanmasının qarşısının alınması istəyir: “Dünən özüm buradan keçəndə gördüm ki, zavoddan dəzgahlar yüklənmiş maşınlar gedirdi. Bu maşınlar zavoda niyə girir? Əmlakı hara aparırlar? 1 deyil, 2 deyil yük maşını. Zavodu daşıyıb aparırlar. Dövlət bunun qarşısını almalıdır. Bizlər bu zavodda can qoyan insanlarıq. Bizi dəfələrlə bura çağırırlar, qapı dalında qalırıq, heç kim bizi qəbul etmir. Biz haqqımızı tələb edirik. Bunun pulu yoxdursa, səhmdara verə bilmirsə, o yekə bığıburma 10-15 nəfəri zavodda niyə saxlayır? Dəmir-dümürə oğru gələcək? O pulu elə bizə versin də, burada can qoymuşuq”.

Şurayə Nəzərəliyeva deyir ki, 2 dəfə dividend alıb: “Bizə Zülfüqarlı qardaşları dövründə dividend verildi. Amma sonra bizə pulumuzu vermədilər. Gəlirik, deyirlər ki, ziyanla işləyirik, borcumuz var. İş yoxdursa, orada binada o qədər adamı niyə saxlayır? Niyə qapıda o qədər mühafizəçi var?”.

Belə məlumatlar var ki, “Bakı Poladtökmə” ASC-dən talan olunan dəzgahlar, istehsal xətləri Rasim Məmmədovun Suraxanı rayonunda yerləşən və “Steel Company” adlandırılan gizli zavoduna daşınır.

Belə aydın olur ki, Rasim Məmmədov “Baku Steel Company”dən birdəfəlik uzaqlaşdırılacağı zamanı göz altına alıb və özünə ehtiyat variant hazırlayıb. Belə olmasaydı, “Baku Steel Company” kimi böyük bir zavoda rəhbərlik edən Rasim Məmmədovu Suraxanıda eyniprofilli zavod saxlamağa nə vadar edib? Bəli, səhv eşitmədiz, Rasim Məmmədov Suraxanı rayonu ərazisində böyük bir zavod saxlayır və həmin zavod “Steel Company” adlanır. 2011-ci ildə sahiblərindən zorla alınan “Bakı Poladtökmə” ASC BSC-nin sərəncamına ötürülüb.

Rasim Məmmədov uzun illər qara metallurgiya sənayesini nəzarət altında saxlamaq üçün əlindən gələni edib. Eyniprofilli zavodlara reyder hucumlarına başçılıq etməklə, istehsal xətlərini sıradan çıxarmaqla, bu sahədə fəaliyyətdə olan sahibkarları həbsə aldırmaqla, qorxutmaqla, bu məqsədə böyük mənada nail ola bilib. Rasim Məmmədovun qanunsuzluqları haqda yazan jurnalistlərin məhkəməyə çəkilməsi, redaksiyaların ağır cərimələr ödəməyə məhkum olunması da nəticə etibarilə azad medianın boğulmasını şərtləndirib.

Rasim Məmmədovun bu cür addımları uzun illər onun himayədarı olduğu bildirilən Ramiz Mehdiyevin hesabına araşdırılmamış qalıb. Bir müddət əvvəl Ramiz Mehdiyev vəzifədən uzaqlaşıdırılıb və Rasim Məmmədovun mənəvi atasının kreslosunu itirməsi onun narahatlığını artırdığı bildirilib. Buna görə də hazırda istehsal gücünü qısa müddətdə bərpa edə biləcək bütün zəbt olunmuş zavodlarda, sexlərdə talançılıq davam edir. Rasim Məmmədov qənimət kimi əldə etdiyi dəzgahları, kranları, istehsal xətlərini özünün zavoduna daşıtdırır. Düşünür ki, bu yola uzun müddət inhisarçı mövqeyini qoruyub saxlaya biləcək.

Rasim Məmmədov Bakıda metallurgiya zavodlarına və sexlərinə hucum etdiyi günlərdə Suraxanıdakı zavodu qurub. Orada illərlə 3 növbəli iş rejimi tətbiq olunub.

Yada salaq ki, Rasim Məmmədov 2010-cu ilin əvvəlindən başlayaraq Azərbaycanda metallurgiya sahəsini inhisara almaq üçün hərəkətə keçib. Ötən illər ərzində buna əsasən nail olub. Onun rəhbərlik etdiyi "dazbaşlar dəstəsi" metallurgiya ilə məşğul olan sahibkarların obyektlərinə reyder hucumları edib, işi məcburi qaydada dayandırıblar. Sahibkarların qara metal ehtiyatları qanunsuz olaraq əllərindən alınıb, metal istehsal edən avadanlıqlar sökülərək “Baku Steel Company”nin sobalarında əridilərək məhv edilib.

Metallurgiya sahəsindəki rəqibləri sıradan çıxarmaqla, həbsə aldırmaqla Rasim Məmmədov əsasən bu sahəni inhisara ala bilmişdi. Onu daha çox metallurgiya obyektlərinə basqın edən dəstəsinin başçısı kimi tanıyırlar. Qalır hüquq-mühafizə orqanlarının illərlə metallurgiya sahəsində baş verənlərə adekvat hüquqi qiymət vermələri üçün hərəkətə keçmələri. Belə görünür ki, o gün də uzaqda deyil…dia.az/

0.049307107925415