Birdəfəlik yardımın verilməsi qərarı aprelin 7-də Nazirlər Kabineti tərəfindən qəbul olunsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həmin ayın 9-da rəsmi saytında bu barədə elan verib. Mürciət başlanan kimi, sosial şəbəkələrdə internet bacarıqları zəif olan insanlara bir çox aktivist könüllü qeydiyyatdan keçməyə yardım etdi. Müraciətlərin ardından sosial şəbəkələr aldıqları absurd imtina sms-lərini yayan şikayətçilərin paylaşımları ilə aşıb daşdı.
İşsizlərin sayı – 200 min, ya 600 min nəfər?
Şikayətlərə keçiddən əvvəl Nazirlər Kabinetinin bu yardımın kimlərə verilməli olduğu haqda təsdiqlədiyi qaydaya nəzər salaq.
- əmək müqaviləsi ilə işləyənlər
– mülki-hüquqi (xidməti) müqavilə ilə ödənişli olaraq iş və ya xidmət göstərənlər
– sahibkarlar
– kənd təsərrüfatına yararlı torpaq payının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının üzvləri
– haqqı ödənilən vəzifəyə seçilən və ya təyin edilənlər (deputat, bələdiyyə sədri və s)
– Silahlı Qüvvələrdə xidmət edənlər
– ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar
– Qanuni əsaslarla bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayanlar
– Ölkə ərazisindəm kənarda əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar.
Reallıqda baş verənlərin çoxu bu qaydaları birbaşa təkzib edən ziddiyyətlərlə doludur. Belə ki, birdəfəlik yadım ala bilməyənlər müxtəlif növ imtina sms-ləri alıblar. Subaylara ər ya arvadının adına olan VÖEN səbəb göstərilib, heç vaxt adına maşını olmayan insanlara maşını olması ilə bağlı iddia verilib və maşını olan adama yardım ayrılıb, ya ölən adamın yaşadığı və pensiya aldığı idiası olan sms gəlib, xaricdə yaşayan adama yardım ayırlıb və ya heç müraciət etməyən adını siyahıda tapıb və sairə...., siyahı uzundur.
Məsələn, Nərimanov rayon sakini Namiq Eldar Məcidov 2019-cu ildən Məşğulluq İdarəsində qeydiyatda olduğu halda ona əksi yazılan imtina məktubu gəlib.
“2019-cu ildən işsizlik idarəsində qeydiyyatdayam. Hətta saytdakı qeydiyyat siyahısında adım işsiz kimi yazılıb. Üstəlik ölkə xaricində olduğumu bildirirlər. Xarici pasportumun müddəti 2 ilə yaxındır bitib. Mən necə ölkədən çıxa bilərəm? Pulu verməmək üçün bəhanələr, yalanlar yazırlar”.
Pay torpağı yoxdur, amma imtina verilib
8 il əvvəl ölən adamın pensiyası, subayların bilmədikləri evlilikləri.....
Mənbə: Meydan.TV
142 Xidməti necə kömək edir?
Siyahıda adı olmayan, amma yardım alanlar da var, adını tapıb pulu tapmayanlar da?!.
Nə yoğurdum, nə yapdım...
Pul ayrılıb amma verilmir
Bakı şəhər sakini Elçin Cananov da müracət edib, yardım alacağı sms-ni görüb sevinənlərdəndir. Amma deyir ki, sevinci yarımçıq qalıb. Aprel ayı bitsə də, onun adına ayrılmış yardımı vermirlər. “Cavab gəldi ki, sizə yardım düşür, hətta pulu alacağım bankın adı da yazılıb, bankın kartını da veriblər. Lakin gedirəm almağa, deyirlər “səhv gəlib, adınıza pul yoxdur”. Oyun oynayırlar”.
Birdəfəlik yardım prosesində baş verənlər təkcə bunlar deyil. Məsələn, yüzlərlə adam ümumiyyətlə nə imtina, nə də təsdiq cavabı alıb. Baxmayaraq ki, artıq aprel ayı üçün müraciət bitib. Cavab almayanlar və ya əsassız imtina alanların bu yardımı hansı şəkildə ala biləcəyi isə müəmma olaraq qalır. Bakıda fəaliyyət göstərən “Beneficiar” pulsuz hüquq yardımı bürosunun hüquqşünası Ləman Xəlilzadə deyir ki, aprel ayından etibarən 5 mindən çox insan onlardan sırf 190 manat ala bilmək üçün qeydiyyat işlərində və ya imtinalara görə hüquqi kömək istəyiblər.
“Tək rədd cavabları deyil, hətta bir ay keçməsinə baxmayaraq müaraciətlərinə heç cavab almayanlar da var. Hazırda isə əsas problem imtinaların əsassız olması ilə bağlıdır. Biz də çalışırıq kömək edək və naziriyə onların narazılıqlarını çatdıraq. Şikayətçilərə ərizə yazmaqda köməklik göstəririk. Müraciətlərin çoxu əmək müqaviləsi səbəbilə gələn imtinalardır”. Ləman Xəlilzadə deyir ki, nazirlik 15 yaşdan yuxarı əyani təhsil almayan tələbələr ödəniş edəcəyini desə də, xeyli sayda bu kimi gənclərə imtina verilib. Hüquqşünas deyir ki, narazı qalan şəxslərə ancaq ərizə yazıb şikayət məktubu hazırlamaqda kömək edə bilirlər. Çünki nazirlik təkrar müraciət imkanı yaratmayıb ki, bunun özü də hüquq pozuntusudur.
Hüquq pozuntuları
Hüquqşünas Xalid Bağırov yardım prosesində pozulan hüquqlardan və qanunsuzluqlardan danışıb.
“Bu prosesdə ən vacib qanun pozuntusu Nazirlər Kabinetinin qərarının 2.3-cü bəndi ilə bağlıdır. Burada 10 qrup şəxs müəyyən olunub ki, hansı şəxslər birdəfəlik yardım ala bilməzlər. Lakin təcrübədə rast gəlinən problemlərlə uyğun gəlmir. Yəni bir çox imtina qanunvericilikdə nəzərdə tutulan kateqoriyaya aid edilməyib. Məsələn, qanunvericilikdə göstərilir ki, sahibkarlıqla məşğul olan aktiv VÖEN-i olan pay torpağı sahibləri bu yardımı ala bilməz. Amma hər kəsə imtina verilib. Hətta həyətyanı torpaq sahəsi olanlara belə bu kimi imtina cavabı verilib. Lakin mülkə aid torpaq sahəsi yaşayış üçündür, əkin-biçin üçün deyil. Bundan başqa, Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə görə, 15 yaşından sonra əmək qabiliyyətli sayıla bilir. Bu insanlar işsizdirlərsə, mütləq yardım almalıdılar. Lakin onlarla belə imtinalar var və qanunsuzluqdur”.
Nəticlələrin təkrar yoxlanıla bilməməsi konstutision hüquq pozuntusudur
Xalid Bağırov deyir ki, Nazirlər Kabinetinin qərarında nəticələr MAS (Avtomatlaşdırılmış qərarvermə mexanizmi) tərəfindən müəyyənləşir və qərarların yenidən yoxlanılması qaydası nəzərdə tutulmayıb. Baxmayaraq ki, şikayət vermək hüququ konstitusion hüquqdur. Bunun hansısa formada məhdudlaşdırmaq qanun pozuntusudur”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıbov Meydan TV-nin suallarını cavablandırıb. İmtina alanların cavabları əsassız və absurd adlandırımasına etiraz edən Fazil Talıbov bildirib ki, məlumatlar elektron bazalara əsasən araşdırılır, hər hansı yanlışlıqdan söz gedə bilməz.
Rəsmi mövqe - imtinalar yanlış ola bilməz! “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilən imtina cavabları elə-belə formalaşmır. Müraciət edən hər kəsin məlumatları 25-dək digər dövlət orqanlarına məxsus elektron informasiya sistemlərində olan məlumatlara istinad edir. Əgər kiminsə şəxsi məlumatları mövcud uyğunlaşdırılmayıbsa, vaxtında düzgün məlumatlar yenilənməyibsə, deyək ki, DİN rəsmi məlumat bazasında hələ də evli kimi göstərilirsə, ölüm faktı öz hüquqi sənədlərdə təsdiqini tapmayıbsa, nazirlik hardan bilməlidir ki, o adam rəhmətə gedib? Burada vətəndaşın məsuliyyəti ön plana keçir. Nikahın pozulması həyat yoldaşının olmaması və sair kimi yanlış informasiyalar var ki, bu da həmin imtinalar zamanı reallığı əks etdirmir. Vətəndaşlar vaxtında real durumlarını rəsmiləşdirməyiblər. Yüzlərlə fakt var ki, avtomobilini etibarnamə ilə satıb, amma öz adına qeydiyyatda qalıb, pay torpağını satıb, amma sistemdə adındadır. Problemlərin səbəbi budur. SMS-lərin heç biri absurd deyil”.
Fazil Talıbov “Aztəminatlılıq Meyarına uyğun gəlmirsiz” kimi imtina mesajlarını da izah verib: “Orda izah tam aydındır. Aztəminatlılıq meyarının açıqlaması qanunvericilikdə var. Bu mesajlar informasiya sistemlərində aylıq gəlirləri, əmlakları və sair nəzərə alınaraq qərar verilir”.
Nazirliyin rəsmi saytında imtinaların sayı da göstərilib. Məlumata görə, aktiv əmək müqaviləsi olan 320 min nəfərə, iki və daha çox avtomobili olan 19 min 200 nəfərə imtina verilib.
İqtisadçı Qubad İbadoğlu deyir ki, yardım alanların sayı da, reallığı da düzgün deyil. Bildirir ki, müraciətlərə görə müəyyən etmək olar ki, bir milyondan çox adam yardım almaq istəyib:
“İlk gündən müraciətləri süni şəkildə limitlədirlər və çərçivəyə saldılar. Çünki dövlət işsizlərin çox olduğunu göstərmək istəmir. İşsizlik dövlət qarşısında məsuliyyət deməkdir. Hər işsiz adama görə siğorta ödənişləri həyata keçirilir. “Siğorta haqqında” qanuna görə, hər bir işləyən və işəgötürən İşsizlərin Siğortası Fonduna əmək haqqından hərəsi 0,5 faiz olmaqla ümumlikdə 1 faiz pul ödəyirlər. Bunu da dövlət işsizlərə çatdırmalıdır. Nə qədər işsiz sayı çox olarsa, o vəsaitin bölüşdürülməsində də problemlər yaranır. İşsizliyin çox olması Azərbaycan hökumətinin nə siyasi, nə iqtisadi, nə də sosial maraqlarına cavab verir”.
Pandemiya və iqtisadi krizis
Qubad İbadoğlu deyir ki, pandemiya iqtisadi böhranı da gətirəcək. Əslində pandemiyada çox qısa vaxt öncə dünya bazarında neftin qiymətinin düşməsi, Azərbaycanın istər Neft Fonduna, istər də ümumi büdcəyə təsirsiz ötüşməyəcəyinin göstəricisiydi. Üstəlik də, pandemiya özü ilə bu böhranı artırdı. Artıq 4 bankın fəaliyyəti dayanıb. Ardının gələcəyi proqnozlaşdırılır.
Bağlanan bankların Koronavirusla Mübarizə Fonduna verdiyi vəsaitlər
Apreldə “ATA Bank” və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilmişdi. May ayının 12-də isə Mərkəzi Bankın 27 aprel qərarı ilə “AGBank” və “NBCBank” ASC-nin fəaliyyətinə son qoyulub. Bu banklar martın 19-da Azərbaycanda yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna böyük məbləğlərdə yardım ediblər. Belə ki, “AGBank” və “ATA Bank” 100 min manat, “Amrah Bank” ASC 200 min manat vəsait köçürüblər. Prezident İlham Əliyev isə mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında deyib ki, 100 milyondan çox vəsaitin toplandığı Mübarizə Fondundan hələlik 1 manat belə xərclənməyib.
COVİD 19 virusu ötən ilin noyabrından Çinin Vuan vilayətindən başlayıb və zamanla bütün dünyaya yaılıb. Bu ərəfədə bir çox ölkədə karantin elan edilib. Karantin müddətində insanların işləməsi və qazanc əldə etməsi mümkün olmadığı üçün əksər ölkələr əhaliyə birdəfəlik yardımlar ediblər. Qonşu ölkə olan Gürcüstanda hökumətin qərarına əsasən, 200 kilovat elektrik enerjisi və 200 kubmetr təbii qazdan az istifadə edən abonentlərin kommunal xərcləri 3 ay müddətinə dövlət tərəfindən ödəniləcək. Rusiya hökuməti biznesə 6 aylıq vergi tətili elan edərək eyni zamanda dövlət şirkətlərinin 6 ay müddətinədək dividend ödəməsinin təxirə salınmasına dair qərar qəbul edib. Türkiyə hökuməti ahıl yaşda olanlarla bağlı xüsusi qayğını nəzərə alıb pensiyaları artırdı. Minimum pensiyanın məbləği 1500 lirəyə yüksəldildi. Bundan başqa, bir sıra sektorlar, gündəlik istehlakdan başlamış ağır sənayeyədək, nəzərdə tutulan ƏDV vergisindən 6 ay müddətinə imtina edib. Daxili aviadaşımalarda 3 ay müddətinə ƏDV 18%-dən 1%-ə endirilib. Azad sahibkarların “Xalqbank”a olan kredit borcları aprel, may və iyun ayları üçün faiz ödəmələrini 2 ay müddətinə əlavə faiz olmadan təxirə salınıb.
Azərbaycanda isə karantin müddəti may ayının sonunadək uzadıldığından bu ay da 190 manat birdəfəlik yardım ödəmələri olacaq.